Laos ilə münasibətlərin inkişafı Azərbaycanın Asiya dövlətləri ilə əlaqələrə verdiyi əhəmiyyətin göstəricisidir

Laos ilə münasibətlərin inkişafı Azərbaycanın Asiya dövlətləri ilə əlaqələrə verdiyi əhəmiyyətin göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Laos münasibətlərinin inkişaf perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan xarici siyasətində müxtəlif regionlarla əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa xüsusi önəm verir. Laos Prezidentinin Azərbaycana səfəri də iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi və qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəldilməsi baxımından əhəmiyyətlidir.Azərbaycan və Laos arasında münasibətlərin inkişafı ilk növbədə siyasi iradəyə, qarşılıqlı anlaşmaya və beynəlxalq məsələlərdə əməkdaşlıq imkanlarına əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi müstəqil və çoxşaxəli xarici siyasət ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni tərəfdaşlarla əlaqələrin qurulmasına və mövcud münasibətlərin daha da dərinləşməsinə şərait yaradır. Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıqda milli maraqlara, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərini əsas götürməsi beynəlxalq tərəfdaşlıq üçün etibarlı zəmin formalaşdırır.Siyasi müstəvidə əlaqələrin uğurlu inkişafı iki ölkə arasında digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli imkanlar yaradır. Yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr və diplomatik təmaslar dövlətlər arasında etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dialoqun inkişafı, regional və qlobal məsələlər üzrə fikir mübadiləsinin aparılması Azərbaycan-Laos münasibətlərinin daha da möhkəmləndirilməsinə töhfə verə bilər.Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirməklə yanaşı, ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini də gücləndirir. Laos ilə münasibətlərin inkişafı da Azərbaycanın Asiya dövlətləri ilə əlaqələrə verdiyi əhəmiyyətin göstəricisidir. Bu əməkdaşlığın gələcəkdə iqtisadiyyat, ticarət, investisiya, humanitar və mədəni sahələrdə yeni təşəbbüslərlə zənginləşdirilməsi üçün geniş potensial mövcuddur. Azərbaycanın beynəlxalq investisiya fəaliyyətində qazandığı təcrübə də ikitərəfli əlaqələrin genişləndirilməsi üçün imkanlar yaradır. Müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsi iqtisadi münasibətlərin daha dinamik inkişafına şərait yaradacaq. Burada əsas məsələ mövcud imkanların real iqtisadi təşəbbüslərə çevrilməsi, investorlara konkret layihələrin təqdim olunması və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılmasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə də əməkdaşlıq imkanları müzakirə edildi: “Vahid mövqe ondan ibarətdir ki, konkret addımlar atıldıqda bu məsələlərin hər biri nəticə verə bilər. Hər halda bizdə belə imkanlar var və ən önəmlisi qarşılıqlı iradə var”. Nəqliyyat və logistika sahəsi də əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat əlaqələrində oynadığı rol, müasir infrastruktur imkanları və tranzit potensialı Laosla iqtisadi münasibətlərin genişləndirilməsi üçün əlavə zəmin yaradır. Laosda dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının nəzərdən keçirilməsi yükdaşımalar sahəsində yeni perspektivlər vəd edir. Bu imkanların reallaşması tərəflər arasında ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərəcəkdir. Azərbaycan-Laos münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Vaxtilə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələr arasında formalaşmış tarixi əlaqələrin göstəricisidir. Təqaüd proqramlarının tətbiqi ilə bu ənənənin yenidən canlandırılması gənclər arasında əlaqələrin güclənməsinə, bilik və təcrübə mübadiləsinin genişlənməsinə imkan verəcəkdir. Bununla yanaşı, mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq da xüsusi diqqət mərkəzindədir. Hər iki ölkənin bu problemlə bağlı təcrübəsinin bölüşülməsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması insanların təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəkdir.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: