Erməni separatizmi və təxribatı yenə cavabsız qalmadı

img

Bölgəmizdə gedən son proseslər göstərir ki, hələ də ermənilər və onlara havadarlıq edən bəzi qüvvələr bir sıra reallıqları qəbullana bilmirlər. 


Siyasi bəsirətin qapanması və mövcud situasiyanı düzgün qiymətləndirə bilməmək onların ən bariz xüsusiyyətidir. Onlar, sanki, baxırlar, ancaq görmürlər, dinləyirlər, ancaq eşitmirlər. Çox qəribədir ki, özünü bu cür kor və kar aparanlar onları öz sonuna yaxınlaşdıran səsləri, daha doğrusu, sərsəmləmələri anındaca eşidir və buna o qədər özlərini qapdırırlar ki, yaşadıqları faciənin nəticələrini belə xatırlamırlar.

Azərbaycanın rəşadətli ordusunun qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatdan çox uzun müddət keçməsə də, görünür, ermənilər öz xəstəliklərini sağaltmaq əvəzinə, hələ də yaşadıqları simptomları xəstəlikli “qələbə” və “qisas” ideyaları ilə assosiasiya etmək eyforiyasındadırlar. Hər kəs, təbii ki, öz xarakterini göstərir. Azərbaycan öz xarici siyasətində daim sülhü dəstəkləmiş və münaqişələrin hərbi yolla həllindən uzaq durmağa çalışmışdır. Buna baxmayaraq, ermənilərin növbəti təxribatları göstərir ki, onlarla hələ ki, sülh dilində danışmaq mümkün deyil. Məşhur bir məsəldə deyilir ki, nə qədər məntiqli və düzgün danışsan da, dediklərin qarşındakının anladığı qədərdir. Paşinyan həmişə etdiyi kimi, hələ də verdiyi vədlərin arxasında durmur, bununla da Ermənistanın və ermənilərin gələcək rifahına, o cümlədən regionda sülhün bərqərar olmasına zərbə vurmaqda davam edir. Paşinyan unudur ki, müharibənin dayanmasına səbəb məhz onların yalvar-yaxarlarından sonra meydana çıxan sülhməramlı missiya olmuşdur. Buna baxmayaraq, bu gün özünü elə aparır ki, sanki, bütün ölkə başçılarını gündə dəfələrlə narahat edib kömək üçün dilənən, üçtərəfli bəyanatı məğlub ölkənin rəhbəri kimi imzalayan o deyil. Görünür, onun növbəti amneziya tutması baş qaldırıb. Ermənistan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində yenidən hərbi təxribat törədib və nəticədə bir hərbi qulluqçumuz həlak olub. Elə bunun nəticəsidir ki, cənab Prezident İlham Əliyev bütün xarici təzyiqlərə baxmayaraq, öz doğru bildiyi siyasəti davam etdirərək Paşinyana onun özünün başa düşəcəyi dildə növbəti dəfə cavab verilməsi üçün göstəriş verib. Nəticədə, həyata keçirilən “Qisas” cavab əməliyyatı ilə Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Bununla yanaşı, ermənilərin revanşist məqsədlərlə qurduğu mövqelər tamamilə darmadağın edilib. Ermənistan və onun rəhbərliyi hər dəfə sülh niyyətinin üzərindən xətt çəkərək təxribatlara yol verdikcə öz əliylə özünü intihara sürüklədiyinin hələ də fərqində deyil. Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələri qaldıqca və üçtərəfli bəyanatın müddəaları ermənilər tərəfindən pozulduqca bu sürüklənmə daha sürətli və sərt şəkildə davam edəcəkdir. 10 noyabr bəyanatı və ona qeyd-şərtsiz əməl olunması regionda kommunikasiyaların açılması və gələcək sülh razılaşmasının imzalanması üçün əsas şərtdir. Ermənistan tərəfi isə öz öhdəliklərindən qərəzli şəkildə yayınmaqda hələ də israr edir. Bu cür zərərli davranış bütün region, o cümlədən dünyada sülhün bərqərar olması üçün təhdiddir. Azərbaycan öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini, sülhün bərqərar olması niyyətində olan region və dünya ölkələrindən də Ermənistana bu məqsədlə təzyiq edilməsini qətiyyətlə tələb edir. 


Kamal Laçınov

Xəbəri paylaş: