Cəbrayıl işğaldan Böyük Qayıdışa doğru

Cəbrayıl işğaldan Böyük Qayıdışa doğru

4 oktyabr Cəbrayıl üçün sadəcə təqvimdə qeyd olunan tarix deyil. Bu gün 2020-ci ildə işğaldan azad edilən şəhərin, uzun illər doğma yurduna qayıtmaq arzusu ilə yaşayan insanların və yenidən qurulan Cəbrayılın tarixində xüsusi yer tutur. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də işğal edilmişdi. Həmin vaxt rayonun ərazisində 52 minə yaxın insan yaşayırdı. İşğal nəticəsində şəhər və kəndlər dağıdıldı, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və tarixi abidələr məhv edildi. Cəbrayılın yüzlərlə sakini şəhid oldu, minlərlə insan doğma yurdunu tərk etməyə məcbur qaldı. İşğaldan əvvəl Cəbrayıl özünəməxsus iqtisadi və mədəni həyatı olan rayon idi. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Rayonda məktəblər, xəstəxanalar, kitabxanalar, mədəniyyət müəssisələri, sənaye və kənd təsərrüfatı obyektləri fəaliyyət göstərirdi. Zəngin tarixi irsə malik Cəbrayılın çoxsaylı abidələri isə işğal illərində dağıntıya məruz qaldı. Cəbrayılın azadlığına aparan yolun mühüm mərhələlərindən biri Cocuq Mərcanlının 1994-cü ildə azad edilməsi idi. 2016-cı ildə Lələtəpə yüksəkliyinin azad olunması da bu istiqamətdə yeni imkanlar yaratdı. Cocuq Mərcanlıya həyatın qayıtması isə sonralar Böyük Qayıdışın ilk nümunələrindən birinə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın taleyini dəyişdi. Sentyabrın 27-dən etibarən rayonun kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri azad edildi. Əməliyyatlar nəticəsində rayonun 1 şəhəri və 90 kəndi işğaldan azad olundu. Cəbrayıl əməliyyatı sonrakı hərbi əməliyyatlar üçün də mühüm imkanlar yaratdı. Cəbrayılın azad olunmasının ən yaddaqalan anlarından biri Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması oldu. Tarixi körpünün üzərində üçrəngli bayrağın dalğalanması Cəbrayılın həm fiziki, həm də mənəvi baxımdan Azərbaycana qayıdışının rəmzlərindən birinə çevrildi. 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi müəyyənləşdirilməsi də bu tarixi hadisənin əbədiləşdirilməsinə xidmət edir. Lakin azadlıqla yeni bir mübarizə — quruculuq mərhələsi başladı. Bu gün Cəbrayılda şəhər və kəndlər yenidən salınır, yollar çəkilir, enerji və sosial infrastruktur qurulur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı rayonun iqtisadi gələcəyinin formalaşdırılmasında mühüm layihələrdən biridir. Burada sənaye, logistika və ticarət infrastrukturu yaradılır, yeni iş yerləri açılır. Enerji təminatı da mərhələli şəkildə yenilənir. “Cəbrayıl” yarımstansiyası istifadəyə verilib, günəş elektrik stansiyalarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Yeni yollar isə Cəbrayılı Qarabağın və Şərqi Zəngəzurun digər əraziləri ilə daha sıx bağlayır. Cəbrayıl şəhərinin və kəndlərinin gələcək siması da artıq müəyyənləşib. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiqlənib. Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərində yaşayış evləri, məktəblər, uşaq bağçaları və sosial obyektlər tikilir. Horovlu və Şükürbəylidə isə yeni yaşayış məhəllələri artıq sakinlərini qəbul edir. Böyük Qayıdışın ən mühüm göstəricisi isə rəqəmlərdən çox insanlardır. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanı yola salındı. 2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndlərində ümumilikdə 1600 ailə — 7022 nəfər artıq məskunlaşıb. Bu, sadəcə köç deyil. Bu, illərlə ayrılıqdan sonra doğma torpağa dönüşdür. Bir vaxtlar işğal səbəbindən tərk edilmiş evlərin yerində yeni yaşayış məhəllələri, dağıdılmış məktəblərin yerində yeni təhsil ocaqları, xarabalıqların yerində yeni şəhər infrastrukturu yaranır. Cəbrayılın bugünkü mənzərəsi keçmişlə gələcəyin qovuşduğu bir məkandır. Burada işğalın izləri yaddaşda qalır, amma həyat artıq başqa istiqamətdə davam edir. Yeni yollar, məktəblər, evlər, istehsal müəssisələri və enerji obyektləri ilə Cəbrayıl tədricən əvvəlki həyat ritmini bərpa edir. 4 oktyabrın əsas mənası da budur: Cəbrayılın azadlığı onun tarixinin sonu deyil, yeni tarixinin başlanğıcıdır. İşğaldan azad edilən şəhər indi qurulur, sakinlərini qəbul edir və gələcəyə doğru addımlayır. Cəbrayılın Böyük Qayıdışı həm bir rayonun dirçəlişi, həm də doğma yurda qayıdışın canlı tarixidir.
İlqar Kərimov
YAp Tovuz rayon təşkilatının sədr müavini

Xəbəri paylaş: