Cəbrayıl rayonunun işğaldan azad edilməsi Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir

Cəbrayıl rayonunun işğaldan azad edilməsi Azərbaycanın müasir tarixinin ən şərəfli səhifələrindən biridir

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əldə etdiyi mühüm hərbi uğurlardan biri də Cəbrayıl şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunması olmuşdur. Bu qələbə Azərbaycan xalqında böyük qürur hissi yaratmış, torpaqlarımızın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ olmuşdur. Cəbrayıl rayonu Azərbaycanın cənub-qərbində yerləşir. Rayon zəngin tarixi, mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə seçilir. Cəbrayıl şəhəri və rayonun kəndləri uzun illər ərzində burada yaşayan insanların doğma yurdu olmuşdur. Lakin 1993-cü ilin avqustunda Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayonun əhalisi öz doğma torpaqlarından məcburi köçkün düşmüş, yaşayış məntəqələri dağıdılmış, tarixi və mədəni abidələrə ciddi ziyan dəymişdir. Cəbrayıl rayonunun azad olunması Azərbaycan tarixində mühüm hadisədir. Bu qələbə göstərdi ki, xalq öz torpaqlarına bağlılığını və milli iradəsini heç zaman itirmir. Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və dövlətimizin apardığı məqsədyönlü siyasət nəticəsində işğal faktına son qoyulması ölkəmizin tarixində yeni mərhələ yaratdı. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, minlərlə əsgər və zabit Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri uğurla davam edir. Sakinlərin rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində, xüsusilə də müasir Azərbaycanın Zəfər salnaməsində mühüm yer tutan əlamətdar tarixlərdəndir. Bu gün 30 ilə yaxın davam edən işğala son qoyulmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və tarixi ədalətin öz gücümüz hesabına təmin edilməsinin rəmzlərindən biridir. Bu gün Cəbrayıl şəhəri Böyük Qayıdış strategiyasının mühüm ünvanlarından biridir. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın yalnız torpaqlarını azad etmədiyini, həmin ərazilərdə yeni və müasir həyat qurduğunu nümayiş etdirir. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir yol və kommunikasiya infrastrukturunun yaradılması, sosial obyektlərin inşası, insanların doğma yurdlarına mərhələli şəkildə qayıdışı Zəfərin real nəticələridir. 4 Oktyabrın Cəbrayıl Şəhəri Günü kimi təsis edilməsi də bu tarixi Qələbəyə verilən yüksək dövlət qiymətinin göstəricisidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən şəhər günləri Zəfər tariximizin mühüm hadisələrinin gələcək nəsillərə çatdırılması, milli yaddaşımızın qorunması və dövlətçilik ənənələrimizin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: