Cəbrayıl rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biri, zəngin tarixi-mədəni irsə və əlverişli coğrafi mövqeyə malik ərazilərimizdəndir. Uzun illər işğal altında qalan rayonumuzun yaşayış məntəqələri, sosial obyektləri, tarixi və dini abidələri böyük dağıntılara məruz qalmışdır. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra Cəbrayıl qarşısında yeni tarixi mərhələ – dirçəliş, quruculuq və Böyük Qayıdış mərhələsi açılmışdır. Cəbrayılın bugünkü siması ilə keçmiş vəziyyətini müqayisə etdikdə, görülən işlərin miqyası aydın görünür. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurmanın əsas istiqamətlərindən biri müasir infrastrukturun yaradılmasıdır. Cəbrayıl şəhərində və rayonun kəndlərində yaşayış evləri, məktəblər, tibb müəssisələri, inzibati və sosial obyektlər, yollar, elektrik və digər kommunal infrastrukturlar yaradılır. Dövlət proqramları çərçivəsində insanların təhlükəsiz, rahat və müasir şəraitdə doğma yurdlarına qayıtması üçün kompleks tədbirlər həyata keçirilir. Cəbrayılın yenidən qurulması ilə bağlı layihələrdə kəndlər xüsusi yer tutur. Böyük Mərcanlı, Sarıcallı, Karxulu, Horovlu, Şükürbəyli və digər yaşayış məntəqələrinin baş planları hazırlanaraq mərhələli şəkildə həyata keçirilir. Yeni kəndlərdə yaşayış evləri ilə yanaşı məktəb, uşaq bağçası, səhiyyə, idman, ticarət və xidmət obyektlərinin yaradılması nəzərdə tutulur. Bu yanaşma insanların doğma torpaqlarında yalnız yaşamasını deyil, burada tam və təhlükəsiz həyat qurmasını hədəfləyir. Lakin Cəbrayılın bu günkü quruculuq mənzərəsinin arxasında ağır bir tarix dayanır. İşğal illərində rayonun şəhər və kəndlərində yaşayış evləri, məktəblər, inzibati binalar, mədəniyyət və dini abidələr dağıdılmış, əmlak talan edilmişdir. Cəbrayılın dağıdılmış məhəllələri və viran qoyulmuş yaşayış məntəqələri həmin dövrün nəticələrini əyani şəkildə göstərirdi. Azərbaycan dövlətinin rəsmi məlumatlarında da işğal zamanı yaşayış məntəqələrinin və mülki əmlakın dağıdılması və talan edilməsi barədə faktlar qeyd olunur. Erməni vandalizminin ağır nəticələri yalnız binaların dağıdılması ilə məhdudlaşmır. Tarixi-mədəni və dini irsimizə qarşı törədilən dağıntılar xalqımızın yaddaşına və mədəni irsinə ciddi zərbə vurmuşdur. Azərbaycan dövləti azad edilmiş ərazilərdə bu izləri sənədləşdirir, tarixi abidələrin bərpasını həyata keçirir və gələcək nəsillərin həmin tarixi həqiqətləri bilməsi üçün memorial məkanlar yaradır. Cəbrayıl şəhərində Memorial Kompleksin yaradılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu gün Cəbrayılın küçələrində yeni binaların ucaldılması, məktəblərin və sosial obyektlərin tikilməsi, yolların salınması, enerji və istehsal layihələrinin həyata keçirilməsi tariximizin yeni səhifəsini yazır. Cəbrayıl şəhərində yeni yaşayış komplekslərinin inşası, rayon kəndlərinin mərhələli şəkildə bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Böyük Qayıdış siyasətinin praktiki nəticələrindəndir. Cəbrayılın bərpası həm də tarixi ədalətin və milli iradənin ifadəsidir. İşğal illərində dağıdılmış ərazilər bu gün yenidən qurulur, vaxtilə həyatın məhv edildiyi məkanlarda yeni həyat yaranır. Erməni vandalizminin izləri isə tarixi unutmaq üçün deyil, gələcək nəsillərə sülhün, təhlükəsizliyin və dövlət müstəqilliyinin əhəmiyyətini anlatmaq üçün qorunmalı və sənədləşdirilməlidir. İnanırıq ki, Cəbrayıl yaxın gələcəkdə müasir infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, abad yaşayış məntəqələri və doğma yurduna qayıdan insanları ilə Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək. Bu prosesdə dövlətin həyata keçirdiyi ardıcıl bərpa siyasəti, insanların öz torpaqlarına bağlılığı və quruculuq əzmi mühüm rol oynayır. Cəbrayılın dirçəlişi bir daha göstərir ki, dağıntının yerini quruculuq, məcburi köçkünlüyün yerini Böyük Qayıdış, ümidsizliyin yerini isə gələcəyə inam tutur.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










