Qurban Qurbanov: Hər şeyə hazır olmalıyıq

img

"Məqsədimiz yaxşı nəticə göstərərək, Çempionlar Liqasının qrup mərhələsinə düşməkdir. Bu gün şansımız var. Rəqib də eyni düşüncədədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq, çox yaxşı mübarizə aparmağı xoşlayırlar. Rəqib də istəklidir. Bunu biz Bakıda gördük. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə və yaxşı nəticə əldə etməyə çalışacağıq".

 

Rezonans.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" (Çexiya) ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

 

O, Bakıdakı matçda yaxşı qol şanslarının olduğunu bildirib: ""Viktoriya"da standart vəziyyətlər təhlükəli oldu və onların qol şansları oldu. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq".

 

Baş məşqçi Maksim Medvedev və Kevin Medinadan başqa, bütün oyunçuların sağlam olduğunu söyləyib: "Hamı oyuna hazırlaşır. Sadəcə, 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur".

 

Q.Qurbanov, həmçinin "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin cavab matçında da müdafiə futbolu oynayacaqları ilə bağlı fikirlərinə münasibət bildirib:

 

"Hər şeyə hazır olmalıyıq. Bu komandanın çox yaxşı hücum potensialı var. Müdafiədə mütləq diqqətli olacaqlar. Amma bu komandanın hücum xəttinin potensialı da çox yaxşıdır. Düşünsək ki, ancaq qapanacaqlar, yanlış olar. Rəqib həm pressinq etməyi, həm də topla oynamağı bacarır. Müdafiədən oynamağı düşünmürük. Rəqib bizi buna məcbur edərsə, yalnız o zaman müdafiəyə çəkilərik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq. Rəqibin çox təhlükəli və düşünülmüş əks-hücumları var. Buna hazır olmalıyıq. Özünün də dediyi kimi, rəqib baş məşqçi hələlik heyətlə bağlı qərar verməyib. Əlində 2 heyət olduğunu söyləyib. Ona görə də oyunu gözləməliyik".

 

Qeyd edək ki, sabah keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb.

Xəbəri paylaş: