Ombudsman “Zəfər” Yay Məktəbinin bağlanış mərasimində iştirak edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilən “Zəfər” Yay Məktəbinin bağlanış mərasimində çıxış edib.


Rezonans.az xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Ombudsman “Zəfər” Yay Məktəbinin təşkil olunmasını yüksək qiymətləndirdiyini bildirib. O, dövlət tərəfindən şəhid ailələrinin, qazilərin, veteranların, müharibədən zərər çəkmiş  bütün şəxslərin, xüsusilə də uşaqların sosial-hüquqi müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edib.


S.Əliyeva müharibə zamanı və postmüharibə dövründə insan hüquqlarının daha səmərəli təmini istiqamətində Ombudsman Aparatı tərəfindən fəal iş aparıldığını, psixoloq və psixiatrların iştirakı ilə  müharibə veteranlarına və şəhid ailələrinin üzvlərinə, o cümlədən uşaqlara posttravmatik stres mərhələsindəki psixoloji vəziyyətlərinin yaxşılaşmasına yardım etmək və onların normal həyata adaptasiyasını təmin etmək məqsədilə yardım göstərildiyini bildirib.


Bu sahədə tədbirlərin hazırda da davam etdirildiyini diqqətə çatdıran S.Əliyeva uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində həyata keçirilən geniş fəaliyyətdən danışıb.


Ombudsman bu kimi layihələrin  gələcəkdə də ölkəmizin bütün regionlarını əhatə etməklə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xəbəri paylaş: