Vətən müharibəsində qazandığımız Zəfərin ikinci ildönümü ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi şəhidlərin ailə üzvləri və nazirliyin qurumlarında çalışan qazilərin Şuşaya səfərini təşkil edib.
Qeyd edək ki, Vətən müharibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarında işləyən 210 nəfər iştirak edib. Onlardan 6-sı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb.
Rezonans.az xəbər verir ki, Şuşaya səfər edənlər arasında bu şəhərin azad edilməsi əməliyyatında iştirak etmiş qazilər və şəhid olmuş döyüşçülərin valideynləri də olub.
Səfər iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar. Onlar Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri, Şuşa qalasında davam edib.
Səfər müddətində müharibə iştirakçıları döyüş xatirələrini bölüşüb, şəhidlərin yaxınları qəhrəman oğulların keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.