
İran İslam Dövləti Azərbaycanla əsrlər boyu qonşu dövlət olmaqla yanaşı İslam dininin adət- ənənəsi ilə bir- birinə sıx bağlı olan dövlətlərdir. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verməklə riyakar siyasət aparıb və işğal olunmuş torpaqların erməni əsarətində qalmasına dəstək olmuşdur. Eyni zamanda ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazisində kənd və şəhərlərin mədəni abidələrin və dini ziyarətgahların, dövlətə və fərdi şəxslərə məxsus tikililərin sökülüb dağıdılmasına sükütla yanaşmış, söküntü materiallarının daşınıb aparılmasında, zəbt olunmasında iştirakçı dövlətə çevrilmişdir. Özlərini dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb etməmiş, əksinə Ermənistanı dəstəkləmişdir.
İşğal altında olan Azərbaycan ərazilərində həm narkotik plantasiyaların yaradılması, narkotik maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrut kimi istifadəsində İran İslam Respublikası xüsusi fəallığı ilə seçilib.
Azərbaycanın İranla sərhəddə yerləşən, işğal altında olan ərazilərinə bu illər ərzində faktiki olaraq SEPAH nəzarət edib. Qərb mətbuatının məlumatlarına görə, Tehran uzun müddət bu marşrutdan Əfqanıstandan son təyinat məntəqəsinə – Avropaya qanunsuz narkotik trafiki üçün istifadə edib. İranda dövlət nömrə nişanlı yük maşınları sürən İran qaçaqmalçıları açıq şəkildə narkotik maddələri Araz çayı üzərindən Qarabağa və arxa giriş vasitəsilə Avropaya daşıyıb, bu barədə aparıcı dünya mediasında kifayət qədər materiallar dərc edilib.
44 günlük inamlı müharibə yolu ilə erməni işğalı altında olan torpaqların azad olunmasından sonra da İran etibarsız qonşu siyasətini davam etdirmişdir. Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. İran İslam dövləti adını daşımasına baxmayaraq, din qardaşı olan Azərbaycana qarşı açıq təxribatlar və güc nümayiş etdirir, Azərbaycanla olan sərhədinə qoşun yığır, hərbi təlim keçirmək adı ilə ölkəmizə hədə-qorxu niyyətilə güc nümayiş etdirir. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan bütün təhdidlərin qarşısını almağa, təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir.
İranın din xadimləri Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirakları ilə İslam dəyərlərinə yaraşmayan, İslamın əxlaq kodeksinə zidd olan xain əməllər edirlər. Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik zəminində tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. Azərbaycana hərbi müdaxilə üçün İran daxilində ictimai rəy formalaşdırır.
Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında xüsusi yer tutur. Məqsədyönlü və açıq təxribatları davam edərək, eyni zamanda özünü “İslam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışır.
Yaxın və orta şərq coğrafiyasında mövcud bütün münaqişələrdə İranın adı keçir. Elə təəssürat yaradılır ki, “qüdrətli İran dövləti” İslam təəssübkeşliyi göstərir, müsəlman dünyasını guya təhdidlərdən qoruyur, İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin, Bəhreyndə həmrəylik formalaşdırıb imperialist işğala qarşı dayanır. Reallıq isə budur ki, İranın nə təsvir edilən formada “hərbi qüdrəti” var, nə də “müsəlman təəssübkeşliyi”.
İran son 40 ildə qatıldığı heç bir müharibədə qalib olmayıb, “himayə etdiyi müsəlman ölkəsini” xaosdan çıxara bilməyib, əmin-amanlıq, sabitlik yaratmayıb. Yəməndə, Bəhreyndə, Fələstində münaqişələrin 30-40 illik tarixi var. Suriyada, Livanda 10 illərdir xaos, dağıntı davam edir.
İran “İmam Xomeyni İmdad Komitəsi” və Mədəniyyət Mərkəzi vasitəsilə “humanitar yardım” paylamaq adı altında bütün bölgələrdə strukturlaşıb, əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirib, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edib.
Azərbaycan İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.
Bu günə qədər Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilib. Rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür.
İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İnformasiya təhdidləri və təxribatları ilə Azərbaycanın məkanına nüfuz etmək, vətəndaşlar arasında separatizm yaymaq, Azərbaycan dövlətinə itaətsizlik üçün zəmin hazırlamaq və ölkə vətəndaşlarını müxtəlif şirnikləşdirici təkliflər vasitəsilə dünyanın bir nömrəli mübarizə obyektinə çevrilən terrorizmə sövq etmək qonşu ölkənin xarici siyasətinin əsas xüsusiyyətləridir.
Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. 30 il davam edən işğala, müsəlmanların öz torpaqlarından qovulmasına, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması vicdanlı və dürüst davranış hesab edilə bilməz;
Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir. Lakin hər kəsə bəllidir ki, rəsmi Bakı ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini düşünüb. Tehran isə Bakının bu jestini heç vaxt dəyərləndirməyib. Hətta İran Azərbaycan ərazilərini işğal edən bir ölkə ilə ən sıx münasibətlər qurur. İranı Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verən Tehran Fars körfəzindən Qara dənizə, oradan isə Bolqarıstana çıxmaq imkanı əldə etmək istəyib, lakin bundan istifadə edərək, İrəvanı işğala son verməyə səsləməyib.
Dünya multikulturalizmin ünvanlarından biri olan Azərbaycandan fərqli olaraq İran hər zaman fərqli ölkələr üçün dini zəmində təhdid yaradıb. İranda hakimiyyətdə öz xalqına, dinc əhalisinə qarşı tərəddüdsüz silah işlədən istibdadçı, mürtəce molla rejimidir.
Qarabağ torpaqlarının 30 il ərzində erməni işğalı altında olduğu dövrdə də və zəfərlə başa çatmış 44 günlük müharibədən sonra da İranın nə qonşuluğa, nə də islam dəyərlərinə yaraşmayan hərəkətləri Müstəqil Xalq Partiyası tərəfindən daim pislənilmiş. İranda yaşayan 30 milyondan cox azərbaycanlıların milli və mədəni maraqlarının pozulması milli mənsubiyyətə qəsd kimi qiymətləndirilmişdir.
Müstəqiol Xalq Partiyasının ali idarəetmə orqanları və bütün üzvləri son zamanlar Azərbaycan hakimiyyətinin tutduğu mövqe, xüsusi ilə ölkə başçısı və Ali Baş Komandan İlham Əliyev tərəfindən İrana qarşı səsləndirilən sərt mesajlar böyük rəğbətlə qarşılanmış daim dəstək nümayiş etdirmişlər.
Müstəqil Xalq Partiyasının İdarə Heyəti