Xalqın və dövlətin dayanıqlı inkişafına yönəlmiş siyasət

img

2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. 


Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar.

Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqın iradəsini əks etdirir.

Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Demokratik institutların inkişafı ilə bağlı siyasət davamlı olaraq reallaşdırılır. Siyasi müstəqillik sayəsində Azərbaycan xalqı öz taleyinin sahibidir.


Nigar İsmayılova

Göygöl rayon İHBA-nın Hüquq şöbəsinin məsləhətçisi

Xəbəri paylaş: