Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər

img

 “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” – fikri səsləndirən Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 


2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub; 

2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir. 

 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin, ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf etmiş və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu.

2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir.

15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur.


Muxtar Məmmədov

Göygöl rayon üzrə Maliyyə şöbəsinin rəisi 


Xəbəri paylaş: