Şuşanın azad olunması təkcə qurtuluş deyildi, xalqımızın ruhunun, qürurunun və tarixinin dirçəlişi idi

img

8 Noyabr – Zəfər Gününün tacı olan Şuşa, artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də suverenliyin və dövlət müdrikliyinin rəmzi kimi dünya siyasi xəritəsində öz yerini tutub. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən möhtəşəm dönüş nöqtəsi oldu. Bu hadisə, dövlətin siyasi iradəsinin, hərbi qüdrətinin və xalq-lider birliyinin parlaq təntənəsi idi. Şuşa bizim üçün adi bir şəhər deyil, azadlığın, mübarizliyin və milli qürurun simvolu, şərəf məsələsi idi. Qarşı tərəfin iddialarından açıq görünürdü ki, Şuşanı geri qaytarmaq onlar üçün heç vaxt müzakirə mövzusu olmayıb. Amma Prezident İlham Əliyev işğalçının arzusunu gözündə saxlayaraq Şuşanı haqqı olana qaytardı. Şuşa yalnız haqqımız deyil, həm də qürurumuzdur. Şuşa zirvəsindən milli haqqımız olan üçrəngli bayrağımızın dalğalanması qalibiyyətimizin simvolu oldu. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıqların mərkəzində də məhz Şuşa dayanır. Azərbaycanın bərpa etdiyi suverenlik və regionda formalaşan postmüharibə siyasi düzəni Şuşadan idarə olunur. Buradan yayılan hər bir mesaj – istər iqtisadi layihələr, istərsə də təhlükəsizlik təşəbbüsləri olsun – regionda sülh və inkişaf modelinin təməlini təşkil edir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi ideyası, türk dünyasını birləşdirən nəqliyyat və enerji xətləri, eləcə də mədəni diplomatiya platformaları Şuşadan qlobal miqyasda rezonans doğurur. Şuşa Zəfərinin reallaşması təsadüfi proses deyildi. Bu, uzun illər ərzində planlı şəkildə aparılmış hərbi, siyasi və diplomatik strategiyanın nəticəsi idi. Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan dövlətinin qurduğu müasir ordu modeli, texnoloji üstünlüklər və müasir döyüş strategiyası 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi. Lakin Şuşanın azadlığı təkcə texnologiyanın deyil, eyni zamanda əsgər və zabitlərimizin fədakarlığının, xalqın ordusuna sonsuz inamının və siyasi rəhbərliyin qətiyyətli iradəsinin göstəricisidir. Şuşa Zəfəri Azərbaycan xalqının milli yaddaşında əbədi yer aldı. Bu Zəfər bir daha sübut etdi ki, dövlət və xalq arasında etimad, ordu və cəmiyyət arasında birliyin olduğu yerdə heç bir qüvvə milli iradəni sındıra bilməz. Şuşa bu gün bərpa olunur, yenidən qurulur, lakin onun simasında bərpa olunan yalnız şəhər deyil, həm də Azərbaycan xalqının milli qüruru, tarixi ədalətə inamı və dövlətçilik ideyasıdır. Bu Zəfərin ideoloji əhəmiyyəti xüsusilə gənc nəslin tərbiyəsində mühüm rol oynayır.

Emin Feyzizadə   

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: