Ombudsman Aparatı tərəfindən uşaqların cinsi mənsubiyyətə görə ayrı-seçkilikdən müdafiəsinə dair təlimlər təşkil edilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Bakı şəhəri Xətai rayonu 221 nömrəli və Xəzər rayonu 216 nömrəli tam orta məktəblərində “Uşaqların cinsi mənsubiyyətə görə ayrı-seçkilikdən müdafiəsi: tibbi-sosial və hüquqi aspektlər” mövzusunda təlimlər təşkil edilib.


Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əməkdaşlıqda “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən təlimlərdə Aparatın Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva Ombudsmanın uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı cinsi zəmində ayrı-seçkilik hallarının aradan qaldırılması sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.


Bununla yanaşı, təlim iştirakçıları gender bərabərliyi, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin formaları, erkən evlilik, təhsildən yayınma barədə mövcud qanunvericilik aktları barədə məlumatlandırılıblar.


Təlimlər zamanı müvafiq sahədə valideynlərin və təhsil işçilərinin hüquq və vəzifələri barədə ətraflı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


Qeyd olunmalıdır ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 71s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası məqsədilə keçirilib.



Xəbəri paylaş: