Adil Əliyev: “Müstəqillik Günümüz “Ağıllı kənddə” və Teknofestdə qeyd edildi”

img

28 may - Müstəqillik Günü bir sıra əlamətdar tədbirlərlə yadda qaldı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin açılış mərasimində iştirak etdi və keçmiş məcburi köçkünlər – Ağalı kənd sakinləri ilə görüşdü. “Ağıllı kənd” layihəsinin açılışı 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimizə “Böyük qayıdış”ın başlaması deməkdir. 

Ağıllı kənd layihəsi dünyada mövcud olan ən son və inkişaf etmiş texnologiyalar əsasında inşa edilmişdir. Bu, 4-cü sənaye inqilabının nailiyyətlərinin Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş torpaqlarımızda  geniş tətbiq edildiyini göstərir. 4-cü sənaye inqilabı fiziki, rəqəmsal və bioloji sahələrin bir araya gətirilməsini özündə ehtiva edir. Bu baxımdan Zəngilanın Prezident İlham Əliyevin tövsiyəsi ilə park-şəhər konsepsiyası əsasında yenidən qurulması önəmlidir. 

Ağıllı kənddə sakinlərin rahat yaşaması üçün bütün lazımı infrastruktur, o cümlədən məktəb, uşaq bağçası, tibb məntəqəsi, ASAN xidmət, DOST mərkəzi, məşğulluğun təmin edilməsi, kiçik və orta biznesin dəstəklənməsi üçün zəruri xidmətlər təşkil edilmişdir. 

Prezident İlham Əliyev Ağalı kənd sakinləri ilə görüşdə bildirdi ki, ötən il Müstəqillik  Gününü - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünü işğaldan azad edilmiş Ağdamda qeyd etmişdi, bu il isə Zəngilanda qeyd edir. Artıq Müstəqillik Gününün işğaldan azad edilmiş ərazilərimizdə qeyd edilməsi ənənəyə çevrilir. Bu da təbiidir. Çünki torpaqlarımızın işğaldan azad edilməsi müstəqilliyimizin daha da möhkəmlənməsi, tam bərqərar olması deməkdir. Cənab Prezident Ağalı kənd sakinlərinə bildirdi ki, Müstəqillik Günündə - 28 mayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Bakıda Teknofest Azərbaycan aerokosmik və texnologiya festivalında iştirak edəcək. 

Teknofest festivalında çıxış edən Prezident İlham Əliyev 104 il əvvəl Azərbaycan xalqının müsəlman aləmində ilk  Xalq Cümhuriyyəti qurduğunu vurğuladı. O, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu qeyd edərək bildirdi ki, 44 günlük Vətən müharibəsinin ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın  yanında olduğunu dünyaya bəyan etməsi Azərbaycanın gücünə əlavə güc qatdı, ruh və inam verdi. Qeyd edilməlidir ki, Türk xalqı 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti qurulanda da Azərbaycanla idi, bu gün də. Elə 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakının və digər ərazilərimizin erməni daşnak və bolşevik işğalından azad edilməsində oynadığı misilsiz rol buna misaldır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyənin ürəklərinin və biləklərinin 1915-ci ildə Çanaqqalada, 1918-də Gəncə, Bakı və digər bölgələrimizdə bir olduğunu vurğuladı. Çox təəssüf  ki, Azərbaycan Xalq Cümhuriyyəti iki ildən az yaşadı və süqut etdi. Amma Azərbaycan xalqı türk qardaşlarımızın o zamankı dəstəyini heç vaxt unutmadı. Məhz bu qardaşlığın nəticəsində imzalanmış tarixi Şuşa Bəyannaməsini xalqımız sevinclə qarşıladı. Şuşa Bəyannaməsi münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi. 

Bu müttəfiqlik özünü siyasəti, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, texnologiya və digər müxtəlif sahələrdə göstərir. Teknofest festivalının Azərbaycanda keçirilməsi də müttəfiqlik və qardaşlıq münasibətlərinin inkişafının bir təzahürüdür. Teknofestin təşkilatçısı Bayraktar PUA-larının ixtiraçısı Səlcuk Bayraktardır. Azərbaycan Bayraktar PUA-larını İkinci Qarabağ müharibəsində uğurla tətbiq etmişdir. Teknofest Azərbaycan festivalında Rəcəb Tayyib Ərdoğan, Səlcuk Bayraktarla yanaşı, türk dünyasının böyük alimi, Nobel mükafatı laureatı Əziz Səncər də iştirak edirdi. Prezident İlham Əliyev gənclərimizi onlardan nümunə götürməyə, onlar kimi olmağa çalışmağa çağırdı. Beləliklə, Teknofest festivalı Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi xarakterizə etdiyi münasibətlərimizin daha bir parlaq təcəssümünə çevrildi.

Xəbəri paylaş: