Qarşımızda qət ediləcək hələ çox məsafə var

img

İlk dəfə Müstəqillik Günü kimi qeyd etdiyimiz 28 may tarixi özündə bir sıra mühüm məqamları birləşdirdi. Bir daha sübut olundu ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunmaqla tarixin arxivinə atılıb. Bölgədə yeni bir səhifə açılıb. Dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi fonunda bölgədə sabitlik də möhkəmlənəcək, gələcək üçün yeni əməkdaşlıq formatlarının təməli də qoyulacaq. Azərbaycan və Türkiyə bütün bu hədəflərin mərkəzində olaraq onların reallığa çevrilməsində öz sözlərini qətiyyətlə deyirlər.

Azərbaycan-Türkiyə qardaşlığını təsdiqləyən hər bir addım, səsləndirilən hər bir fikir, eyni zamanda, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajları özündə əks etdirir. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan və Türkiyə təzyiqlə, təhdidlə qorxudulanlardan olmadılar, işğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri çəkilmədilər. Tarixi Zəfərimiz göstərdi ki, bizim heç kimin torpağında gözümüz olmadığı kimi, düşmənə verəcək bir qarış torpağımız da yoxdur və olmayacaq. Harada haqsızlıq, ədalətsizlik varsa, Azərbaycan və Türkiyə birlikdə səsini ucaldır, məzlumların müdafiəsinə qalxır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, “44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərdi. Amma qarşımızda qət ediləcək hələ çox məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik”. “TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir.


Ələddin Məmmədov
Göygöl RİHB-nın Mollacəlilli kənd İƏD-si üzrə nümayəndəsi

Xəbəri paylaş: