Xəbər verdiyimiz kimi, 26 avqust 2024-cü il tarixində Kapital Bank ASC-nin buraxılış həcmi 30 000 000 (otuz milyon) ABŞ dollar həcmində olan, subordinasiya istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
Rezonans.az xəbər verir ki, qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26 sentyabr 2024-cü il tarixində yekunlaşıb. Yerləşdirmədə 159 fiziki, 1 hüquqi şəxs olmaqla, ümumilikdə 160 investor tərəfindən 171 sifariş həyata keçirilib. Bankın istiqrazlarının abunə yazılışında ümumilikdə 35 211 100 ABŞ dolları həcmində tələb yığılıb. Ümumi məbləğin 28 807 200 dolları (96.02%) fiziki şəxslərin, 1 192 800 dolları (3.98%) isə hüquqi şəxslərin payına düşüb.
Xatırladaq ki, təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 7%, ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 7 ildir. Sənədsiz, adlı, faizli, təmin edilməmiş istiqrazların yerləşdirmə üzrə anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Bu istiqraz buraxılışında ilk dəfə olaraq Kapital Bank-ın filial və şöbələrində də istiqrazlara abunə yazılışı həyata keçirilib və fiziki şəxslərin yüksək tələbi ilə yadda qalıb. Filiallarda istiqrazların abunə yazılışını həyata keçirməkdə məqsəd bazara olan etimadın gücləndirilməsi və fiziki şəxslərin investisiya alətlərinə çıxış imkanlarının genişləndirilməsidir. Bu istiqamətdə Kapital Bank gələcəkdə də daim yeni və cəlbedici investisiya alətləri təklif edərək fiziki şəxslərin kapital bazarında aktiv iştirakını təşviq etməyi hədəfləyir. Qeyd edək ki, Kapital Bank bu il ərzində ümumi həcmi 125 milyon ABŞ dolları və 100 milyon manat olmaqla 6 istiqraz buraxılışını uğurla tamamlayıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.