“COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik” - Muxtar Babayev

img

Nyu-York səfərimiz çox maraqlı keçir. BMT Baş Assambleyası çərçivəsində çoxlu görüşlər, tədbirlər baş tutub”.

Rezonans.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Nyu-Yorkda səfərdə olan ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev deyib.

O bildirib ki, 79-cu sessiya çərçivəsində Nyu-Yorkda bütün dünyanı cəlb edən bir neçə böyük, o cümlədən “Gələcəyin Forumu” keçirilib.

“Forumda çoxlu qərarlar qəbul olunub. Bundan başqa, Nyu-Yorkda həm də “İqlim Həftəsi” keçirilir. “İqlim Həftəsi”ndə Azərbaycanın COP29 komandası böyük heyətlə iştirak edir. Çox gərgin cədvəlimiz var. Bütün görüşlərdə iştirak və çıxış etməyə çalışırıq. COP29 komandasına, Bakıda keçiriləcək tədbirə çox böyük maraq var. Ona görə də onların istəklərinə, gözləntilərinə cavab vermək üçün biz hər bir tədbirdə aktiv iştirak etməyə çalışırıq”, - deyə Muxtar Babayev bildirib.

Nazir əlavə edib ki, COP29 gündəliyində 14 böyük təşəbbüs var: “Bu təşəbbüsləri burada təqdim etmək imkanımız oldu. Şəffaflıqla bağlı platforma təqdim olundu və çox maraqlı keçdi. Təqdimatda yüzlərlə insan iştirak etdi. Maliyyə məsələlərinin müzakirəsi üçün şəffaflıq mövzusu COP29-un çox vacib digər tərəfidir. Şəffaflığın təmin olunması bizim üçün prioritetdir”.

Xəbəri paylaş: