Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Azərbaycan dövlətinin dstəyilə keçirilən “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Rezonans.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.Forum iştirakçıları, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə güllər düzüblər.
Qonaqlara Şəhidlər xiyabanının tarixi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, qlobal iqlim dəyişikliklərinin yaratdığı problemləri və onların həlli yollarını insan hüquqları perspektivindən müzakirə etmək, bu sahədə mövcud müsbət təcrübələri paylaşmaq məqsədilə keçirilən Forumda 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının təmsilçiləri, informasiya komissarları, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının, bir sıra beynəlxalq qurumların rəhbər və nümayəndələri, iqlim dəyişikliyi və insan hüquqları sahəsində ekspertlər iştirak edəcəklər.