
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Qarabağ Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Rezonans.az xəbər verir ki, vətəndaşların informasiya əldə etmək hüququ, bu hüququn qanunvericilik çərçivəsində tənzimlənməsi və praktiki tətbiqinə dair biliklərin artırılması məqsədilə təşkil olunmuş tədbirdə Xankəndi şəhərində, Ağdərə, Xocalı, Ağdam, Füzuli, Xocavənd, Şuşa rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin əməkdaşları, bu ərazilərdə fəaliyyət göstərən informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri və Qarabağ Universitetinin professor-müəllim heyəti iştirak ediblər.
Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Vüsal Səfərov və Qarabağ Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov giriş nitqi ilə çıxış edərək, mövzu üzrə fikirlərini bölüşüb, Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı məlumat veriblər.
Daha sonra Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova və Aparatın digər əməkdaşları təqdimatlarla çıxış edərək, Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirməsinin xüsusiyyətləri barədə məlumat veriblər.
İnformasiya əldə etmək hüququnun təmini və təbliği, bu hüququn pozulması ilə əlaqədar daxil olan müraciətlərin baxılması və cavablandırılması, Ombudsmanın protokol tərtib etmək səlahiyyəti, monitorinq və təhlillərin həyata keçirilməsi ilə bağlı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin iştirakçılar informasiya əldə etmək hüququnun tarixi inkişafı və bu hüquqla bağlı beynəlxalq sazişlər haqqında ətraflı məlumatlandırılıb.
Tədbirin sonunda mövzu üzrə fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.