31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında dərin və silinməz iz qoymuşdur

img

Tariximizin ən faciəli və qanlı səhifələrindən biri olan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında dərin və silinməz iz qoymuşdur. XX əsrin əvvəllərində baş verən bu dəhşətli hadisələr zamanı minlərlə günahsız insan qəddarcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, xalqımızın milli-mədəni irsinə ağır zərbə vurulmuşdur.

Soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Bu anlayış Birləşmiş Millətlər Təşkilatının “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasında hüquqi şəkildə təsbit olunmuşdur. Sənədə əsasən, soyqırımı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi məqsədilə həyata keçirilən əməlləri əhatə edir. Tarixi faktlar sübut edir ki, Azərbaycan xalqı müxtəlif dövrlərdə bu cür ağır cinayətlərlə üzləşmişdir. Bunun əsas səbəblərindən biri isə ermənilərin irəli sürdüyü əsassız “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi cəhdləri olmuş, nəticədə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilmişdir.

XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarına köçürülən ermənilər sonradan bu ərazilərdə öz iddialarını irəli sürərək yerli azərbaycanlı əhaliyə qarşı sistemli zorakılıq siyasəti yürütmüş, onları doğma yurdlarından sıxışdırıb çıxarmağa çalışmışlar. Bu siyasətin nəticəsi olaraq minlərlə insan planlı şəkildə həyata keçirilən qətliamların qurbanına çevrilmişdir. XX əsr boyunca bu siyasət deportasiyalar, yaşayış məntəqələrinin dağıdılması və tarixi adların dəyişdirilməsi ilə davam etmişdir.

1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər bölgələrdə Bakı Soveti qüvvələri və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz yurdlarından didərgin salınmışdır.

Şamaxı qəzasında törədilən qırğınlar xüsusi amansızlığı ilə seçilmişdir. Tədqiqatlara görə, burada minlərlə insan, o cümlədən qadınlar və uşaqlar qəddarcasına öldürülmüşdür. 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyasının məlumatlarına əsasən, Şamaxı qəzasında mövcud olan 120 kənddən 86-sı hücuma məruz qalmışdır. Sonrakı araşdırmalar da bu faciənin miqyasının olduqca geniş olduğunu təsdiqləmişdir.

Quba qəzasında baş verən hadisələr də xüsusilə ağır nəticələrə səbəb olmuşdur. 1918-ci ildə burada minlərlə dinc sakin qətlə yetirilmiş, yüzlərlə kənd dağıdılmışdır. Qubada aşkar edilmiş kütləvi məzarlıqlar bu qırğınların miqyasını açıq şəkildə ortaya qoyur. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, qurbanların bir çoxu xüsusi işgəncələrlə öldürülmüşdür.

1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra bölgədə yaranmış siyasi boşluq erməni silahlı dəstələrinin daha da fəallaşmasına şərait yaratmışdır. Onlar müxtəlif bölgələrdə, xüsusilə İrəvan quberniyasında azərbaycanlılara qarşı genişmiqyaslı hücumlar həyata keçirmiş, yüzlərlə yaşayış məntəqəsini dağıtmış, minlərlə insanı qətlə yetirmiş və ya doğma torpaqlarından qovmuşlar.

Azərbaycan xalqına qarşı törədilmiş bu faciələrin unudulmaması və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu sənədə əsasən, 31 mart tarixi rəsmi olaraq Soyqırımı Günü kimi qeyd olunmağa başlanmışdır. Sonrakı illərdə qəbul edilən tədbirlər planları bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsinə və tarixi həqiqətlərin dünyaya çatdırılmasına mühüm töhfə vermişdir.

2007-ci ildə Quba şəhərində aşkar edilən kütləvi məzarlıq bu hadisələrin real miqyasını bir daha təsdiqləmişdir. Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bu məzarlıq 1918-ci il hadisələrinin qurbanlarına aiddir. Daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə burada Soyqırımı Memorial Kompleksi yaradılmış və 2013-cü ildə istifadəyə verilmişdir.

Bu gün Azərbaycan dövləti tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirir. 1918-ci il hadisələrinin 100 illiyi ilə bağlı imzalanmış sərəncamlar və keçirilən tədbirlər bu istiqamətdə mühüm addımlar olmuşdur.

Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması tarixi ədalətin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azad olunmuş ərazilərdə aparılan işlər, xarici nümayəndə heyətlərinin səfərləri və faktların nümayiş etdirilməsi erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması üçün yeni imkanlar yaratmışdır.

Bütün bu faktlar göstərir ki, xalqımıza qarşı törədilmiş faciələrin unudulmaması, onların gələcək nəsillərə ötürülməsi və beynəlxalq aləmdə tanıdılması hər birimizin borcudur. Soyqırımı qurbanlarının xatirəsi daim ehtiramla yad edilməli, belə dəhşətli hadisələrin bir daha təkrarlanmaması üçün tarixi yaddaş qorunmalıdır.

Kamran Qasımov

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: