1998-ci ildən başlayaraq hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur

img

31 Mart soyqırımının tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi istiqamətində həyata keçirilən siyasət bu gün də uğurla davam etdirilir. Bu istiqamətdə mühüm rol oynayan əsas amillərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl dövlət siyasətidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində 31 Mart soyqırımı ilə bağlı həqiqətlərin qorunması, öyrənilməsi və dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu siyasət Azərbaycan xalqının tarixi yaddaşının yaşadılması, milli kimliyinin möhkəmləndirilməsi və beynəlxalq ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Hər il 31 mart tarixində keçirilən anım mərasimləri, elmi konfranslar, nəşr olunan tədqiqat əsərləri və sənədli materiallar xalqımızın başına gətirilmiş bu faciənin unudulmamasına xidmət edir. Bu tədbirlər gənc nəslin tarixi həqiqətlər haqqında dolğun məlumat əldə etməsinə, milli kimlik şüurunun möhkəmlənməsinə və vətənpərvərlik ruhunun güclənməsinə mühüm töhfə verir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. Bu gün də dünyada Azərbaycanlıların Soyqırımı Gününün tanınması və qəbul edilməsi istiqamətində dövlətimiz tərəfindən böyük işlər görülür. 1918-ci ildə Cənubi Qafqaz regionunda mürəkkəb siyasi vəziyyət hökm sürürdü. Bir tərəfdən Rusiya imperiyasının süqutu, digər tərəfdən bölgədə hakimiyyət uğrunda mübarizə müxtəlif silahlı qüvvələrin toqquşmasına səbəb olmuşdu. Bu qarışıq şəraitdən istifadə edən erməni silahlı dəstələri və bolşevik qüvvələri Bakı Sovetinin rəhbərliyi altında azərbaycanlı əhaliyə qarşı planlı şəkildə qırğınlar həyata keçirmişlər. Məqsəd təkcə müəyyən əraziləri nəzarətə götürmək deyil, eyni zamanda yerli azərbaycanlı əhalini kütləvi şəkildə məhv etmək və onları doğma torpaqlarından sıxışdırıb çıxarmaq idi.

1918-ci ilin mart hadisələri ilk olaraq Bakıda başlamışdır. Qısa müddət ərzində şəhərdə minlərlə dinc sakin qətlə yetirilmiş, yaşayış məhəllələri dağıdılmışdır. Daha sonra bu qırğınlar Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və digər bölgələrə yayılmışdır. Xüsusilə Şamaxıda yüzlərlə kənd yandırılmış, dini abidələr dağıdılmış, minlərlə insan amansızlıqla öldürülmüşdür. Quba qəzasında isə sonradan aşkar edilən kütləvi məzarlıq həmin hadisələrin dəhşətli miqyasını bir daha sübut etmişdir. Müasir dövrdə Azərbaycan dövləti soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Xarici ölkələrdə keçirilən tədbirlər, nəşr olunan kitablar, sənədli filmlər və elmi araşdırmalar bu faciənin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Eyni zamanda, ölkə daxilində də xatirə kompleksləri yaradılmış, abidələr ucaldılmışdır. Bu baxımdan Quba Soyqırımı Memorial Kompleksi xüsusi əhəmiyyətə malikdir və ziyarətçilərə həmin dövrün reallıqlarını əyani şəkildə təqdim edir.

 

Emin Feyzizadə   

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: