Tarix bəzən mürəkkəblə deyil, günahsız insanların qanı ilə yazılır. Azərbaycan xalqının son iki əsrlik keçmişi də məhz belə bir qanlı salnamənin — erməni millətçilərinin mifik “Böyük Ermənistan” xulyası naminə törətdiyi sistematik soyqırımı siyasətinin ağrılı səhifələri ilə doludur. Bu faciələrin ən dəhşətlisi, insanlıq əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilmişdir.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhəri başda olmaqla Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və İrəvanda törədilən qırğınlar sadəcə hərbi qarşıdurma deyil, dinc əhaliyə qarşı aparılan planlı etnik təmizləmə idi. Bakı Sovetinin 6 minlik ordusu və “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edərək, uşaqdan böyüyədək hər kəsi amansızcasına qətlə yetirdilər. Cəmi bir neçə gün ərzində 30 mindən çox soydaşımız qətlə yetirildi, on minlərlə insan doğma yurdundan didərgin salındı. Bu vəhşilik təkcə azərbaycanlılara deyil, bölgədə yaşayan ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlara qarşı da eyni qəddarlıqla tətbiq olundu. İnsanlar diri-diri yandırılır, milli memarlıq inciləri, məscidlər, məktəblər və xəstəxanalar yerlə-yeksan edilirdi.
Şərqi Anadoludan geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni dəstələri İrəvan quberniyasında da əsl cəhənnəm yaratmışdılar. 1918-ci ilin martınadək İrəvan, Eçmiədzin, Yeni Bəyazid və Sürməli qəzalarında 199 kənd darmadağın edilmiş, 135 min azərbaycanlı məhv edilmişdi. Aprelin 29-da Gümrü yaxınlığında əsasən qadın və uşaqlardan ibarət 3 min nəfərlik köçün pusquya salınaraq son nəfərinədək qırılması bəşər tarixinin ən qara səhifəsidir. Zəngəzurda 115 kəndi məhv edən cəlladlar 3 mindən çox kişini, 2 mindən çox qadını və bir o qədər də uşağı qətlə yetirmiş, Qarabağın dağlıq hissəsində isə 150 kəndi viran qoymuşdular.
Şamaxı və Quba hadisələri isə bu cinayətin miqyasının nə qədər geniş olduğunu sübut edir. Şamaxıda 120 kəndin 86-sı təcavüzə məruz qalmış, 16 mindən çox insan amansızlıqla öldürülmüşdür. Qubada isə insanlığın hüdudlarını aşan vəhşiliyin izləri 2007-ci ildə aşkarlandı. Kütləvi məzarlıqdan tapılan 500-dək insan kəlləsində güllə yerinin olmaması, insanların küt alətlərlə, başlarına mismar vurulmaqla, işgəncə ilə qətlə yetirilməsi erməni faşizminin real simasını bütün dünyaya nümayiş etdirdi.
Maraqlıdır ki, bu vəhşilikləri elə erməni müəlliflərin özləri də etiraf etmişlər. Tarixçi Yervand Lalayan daşnak hökumətinin öz hakimiyyəti dövründə Azərbaycan əhalisinin 60 faizini qırdığını gizlədə bilməmiş, daşnak Qaregin Muradyan isə boşaldılmış kəndlərdəki “sarsıdıcı sakitliyi” və sahibsiz qalan itlərin qəribə hürüşməsini qələmə almışdır. Hətta 1989-cu ildə Njdehin abidəsinin açılışında çıxış edən erməni rəsmiləri babalarının yarımçıq qalan “təmizləmə” işini nəvələrinin tamamladığını fəxrlə bəyan edirdilər.
Onilliklər boyu üzərinə sükut pərdəsi çəkilən bu faciəyə ilk dəfə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildi. İmzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlandı. Prezident İlham Əliyevin vurğuladığı kimi, XIX əsrin əvvəllərindən başlayan demoqrafik təcavüz, 1918-ci il qırğınları və sonrakı deportasiyalar vahid bir planın tərkib hissələri idi. 2018-ci ildə soyqırımın 100 illiyi ilə bağlı imzalanan Sərəncam isə bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində yeni bir mərhələ oldu.
Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə qeyd etdiyi kimi, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək və bu qanlı tarixə beynəlxalq hüquqi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir işdir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin ən müqəddəs borcudur. Biz unutmuruq ki, gələcək nəsillərin milli yaddaşını qorumaq həm də gələcək faciələrin qarşısını almağın yeganə yoludur.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini









