Bəzi tarixlər zamanın axarında itib getmir, xalqın taleyinə çevrilir. 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunduğu, milli birliyin bərpa olunduğu və gələcəyə aparan yolun müəyyənləşdiyi belə tarixi günlərdən biridir.
1993-cü ildə Azərbaycan ağır siyasi böhran, parçalanma təhlükəsi və müstəqilliyini itirmək riski ilə üz-üzə qalmışdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev həmin mürəkkəb dövrdə böyük məsuliyyəti öz üzərinə götürərək xilaskarlıq missiyasını həyata keçirdi. Onun zəngin dövlətçilik təcrübəsi, uzaqgörən baxışı, qətiyyəti və siyasi müdrikliyi sayəsində ölkədə sabitlik bərqərar olundu, dövlətçilik əsasları möhkəmləndirildi və Azərbaycanın bu gün də uğurla davam etdirdiyi inkişaf yolunun möhkəm təməli qoyuldu.
Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində insan amili hər zaman xüsusi yer tutmuşdur. Onun rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları ali dəyər kimi təsbit edilmiş, onların qorunması dövlətin əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Bu yanaşma ölkəmizdə demokratik dəyərlərin, qanunun aliliyinin və insan hüquqlarına hörmət mədəniyyətinin formalaşmasına güclü təkan vermişdir.
Məhz bu siyasətin məntiqi davamı olaraq Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində mühüm institusional mexanizmlər yaradılmış, o cümlədən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı formalaşdırılmışdır. Bu gün Ombudsman təsisatı insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin edilməsi, hüquqi maarifləndirmənin genişləndirilməsi və insan hüquqları mədəniyyətinin inkişafı istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Milli Qurtuluş Günü yalnız dövlətçiliyimizin xilası deyil, həm də hüquqi dövlət quruculuğunun, insan hüquqlarına hörmətin və vətəndaş mənafeyinin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsinin başlanğıcıdır. Bu əlamətdar gündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, bir hüquqşünas və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən şəxs kimi onun müəyyən etdiyi dövlətçilik fəlsəfəsinin, qanunun aliliyinə və insan ləyaqətinə söykənən dəyərlərin bu gün də ölkəmizin inkişafında mühüm rol oynadığını xüsusi minnətdarlıq hissi ilə qeyd edirəm.
Səbinə ƏLİYEVA,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru









