Ombudsman Səbinə Əliyeva Bu gün Bakı Dövlət Universitetində magistrantların dissertasiya işlərinin müdafiəsində iştirak edib.
Rezonans.az xəbər verir ki, bu barədə Səbinə Əliyeva Facebook sosial şəbəkə hesabında məlumat paylaşıb
"Bu gün Bakı Dövlət Universitetində magistrantların dissertasiya işlərinin müdafiəsində iştirak etdim.
İnsan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin əsas şərtlərindən biri yüksək hüquqi biliklərə, müasir düşüncəyə, peşə etikası və ədalət prinsipinə sadiq hüquqşünas kadrların yetişdirilməsidir. Bu baxımdan hüquq təhsilinin keyfiyyətinin yüksəldilməsi, elmi araşdırmaların təşviqi və gənc mütəxəssislərin potensialının dəstəklənməsi Ombudsman təsisatının da daim diqqət mərkəzində olan məsələlərdəndir.
Dissertasiya işlərinin müdafiəsi zamanı gənclərin nümayiş etdirdiyi elmi hazırlıq, analitik yanaşma və hüquqi təfəkkür gələcəyimizə olan inamı daha da artırır. Əminəm ki, bu gün ilk uğurlu elmi addımlarını atan gənclər sabah insan hüquq və azadlıqlarının müdafiəsinə, hüququn aliliyinin möhkəmləndirilməsinə və cəmiyyətimizdə ədalət dəyərlərinin inkişafına layiqli töhfələr verəcəklər.
Elm və təhsilə qoyulan hər bir sərmayə insan kapitalına, hüquqi dövlətin möhkəmlənməsinə və cəmiyyətin davamlı inkişafına xidmət edir. Gənc hüquqşünaslarımıza gələcək elmi və peşəkar fəaliyyətlərində uğurlar arzulayır, onların bilik və bacarıqlarını insan hüquqlarının qorunmasına və cəmiyyətimizin inkişafına yönəldəcəklərinə inanıram", deyə Ombudsman qeyd edib.









