Milli özünüdərkin, mənəvi köklərin və bəşəri təfəkkürün təməlində duran ən ali dəyər dildir. Dil yalnız fərdlər arasında ünsiyyət vasitəsi deyil, bir xalqın ruhu, onun tarixi yaddaşı, dünyanı qavrama modeli və minilliklər boyu topladığı mənəvi xəzinəsidir. Müstəqil dövlətin olmadığı uzun və keşməkeşli tarixi dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən məhz Azərbaycan mədəniyyəti, Azərbaycan dili və milli-mənəvi dəyərlərimiz olmuşdur. 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edərkən, ana dilimizin bədii-fəlsəfi qüdrətini və qloballaşma əsrində onun saflığının qorunması zərurətini bir daha dərindən dərk edirik. Ulu Öndər Heydər Əliyev ana dilimizin milliliyin əsası olduğunu hər zaman xüsusi vurğulayaraq qeyd edirdi ki, müxtəlif dillərə mənsub olan insanlar Azərbaycan dilini sadəcə eşidərək, onun mənasını o qədər bilməyərək, bu dilin nə qədər şeirə bənzədiyini, xoş ahəngli olduğunu dəfələrlə qeyd ediblər. Biz dilimizlə fəxr etməliyik, çünki dil hər bir millətin varlığının təməlidir. Ona görə də hər bir gənc öz ana dilini, müasir Azərbaycan dilini ən incəliklərinə qədər bilməli və bu dildən istifadə etməlidir. Müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də onu mütləq hakim dil etməliyik. Azərbaycan dili dünya dilləri içərisində özünəməxsus poetikliyi, dərin söz ehtiyatı və mülahizələri ən incə çalarlarınadək ifadə etmək imkanı ilə seçilir. Ulu Öndər Heydər Əliyev müxtəlif illərdəki tarixi çıxışlarında dilimizin bu ecazkar xüsusiyyətlərini dəfələrlə dilə gətirmişdir. 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə zəngin və büyük söz ehtiyatına malik olan Azərbaycan dilimizlə fəxr edə biləcəyimizi diqqətə çatdıran Ümummilli Lider, həmin il noyabrın 26-da Bakı Dövlət Universitetinin 75 illik yubileyində müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə fəxr etdiyimizi bəyan etmişdir. 1995-ci il noyabrın 5-də Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında isə dilimizin artıq dünyada tanındığını, xalqımızın və respublikamızın adı kimi yüksəldiyini vurğulamışdır. Ana dilinə sevgi və sədaqət tərbiyəsi Ulu Öndərin irsində ana xətt təşkil edirdi. 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin birinci forumunda “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz” kəlamı ilə gençliyə yol göstərən Ulu Öndər Heydər Əliyev, həmin il noyabrın 6-da Türk dünyası yazıçılarının III qurultayında Azərbaycan dilinin bədii ifadələrlə zənginliyini və hayatın bütün sahələrinə aid fikirıəri ifadə etmək qüdrətini xüsusi qeyd etmişdir. O, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini və mədəniyyətini yaşadanın məhz dili olduğunu bildirir, 1997-ci il aprelin 23-də türkdilli dövlətlər qrupuna daxil olmağımızın üzərimizə böyük vəzifələr qoyduğunu xatırladırdı. Ümummilli Lider 1997-ci il oktyabrın 30-da Azərbaycan yazıçılarının X qurultayında “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikrini bir daha bəyan etmiş, 1998-ci il iyulun 22-də Londonda soydaşlarımızla görüşdə dil olmasa ədəbiyyatın, mahnıların və musiqinin də ola bilməyəcəyini vurğulamışdır. 1998-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümündə milli-mənəvi dəyərlərə sədaqət aşılamağın vacibliyini qeyd edən Ulu Öndər, 2000-ci il sentyabrın 1-də 82 saylı məktəbdə Sovet hakimiyyəti illərində Azərbaycan dilinin qorunub saxlanıldığını və inkişaf etdirildiyini iftixarla diqqətə çatdırmışdır. 2000-ci il dekabrın 29-da xalqa müraciətində dilimizin lüğət tərkibini zənginləşdirərək dünya dilləri arasında layiqli yer tutduğunu, 2001-ci il iyunun 18-də imzalandığı Fərmanda isə onun dərin fikirləri ən incə çalarlarınadək ifadə etmək qüdrətini xüsusi qeyd etmişdir. 2003-cü il fevralın 6-da TÜRKSOY nümayəndələri ilə görüşdə isə “Bizim Azərbaycan dili şeir dilidir” deyərək gənclərə başqa dilləri öyrənməklə yanaşı, hamısından yaxşı öz ana dilimizi öyrənməyi tövsiyə etmişdir. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Qloballaşma dövründə informasiya axınının sürətlənməsi dilimizin özünəməxsusluğunu qorumaq zərurətini daha da kəskinləşdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızı bir xalq kimi qoruyan ana dilimizin və mədəniyyətimizin inkişaf etdirilməsini müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin başlıca simvolu kimi dəyərləndirir. Dövlət başçısı xüsusi olaraq bildirir ki, Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur və biz əsrlər boyu qoruduğumuz dilimizin saflığını bu gün də təmin etməliyik. Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi tədbirindəki proqram xarakterli çıxışında da bu məsələyə toxunaraq bildirmişdir ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər və siyasətçilər bu məsələyə böyük diqqət verməlidirlər. Dilimizi kənar kəlmələrdən qorumaq üçün lazımi tədbirlər görülsə də, kütləvi informasiya vasitələrində və bəzi çıxışlarda yersiz xarici sözlərin işlədilməsi narahatlıq doğurur. Əgər biz xalq kimi öz dilimizi qorumasaq, milli kimliyimiz sarsıla bilər. Bu baxımdan, Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoloji və etimoloji lüğətlərinin hazırlanmasında nizamsızlığın aradan qaldırılması, ölkəmizdən kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi də günün tələbidir. Ana dili bizim mənəvi pasportumuz, varlığımızın büllur güzgüsü və babalardan bizə qalan ən müqəddəs, en ilahi əmanətdir. Dilini itirən xalq öz ruhunu, yaddaşını və milli mənliyini yitirməyə məhkumdur; dilini göz bəbəyi kimi qoruyan millət isə zamanın və tarixin bütün fırtınalarına qarşı sarsılmaz qala kimi dayanmaq qüdrətinə malikdir. Azərbaycan dili – anamızın laylasından süzülüb gələn duaların, Füzulinin, Nəsiminin, Şah İsmayıl Xətainin qələmindən dökülən hikmətin və zəfər dolu müasir tariximizin canlı nidasıdır. Onu kənar kəlmələrin təsirindən qorumaq, saflığını büllur kimi saxlamaq və gələcək nəsillərə bütöv şəkildə ötürmək hər birimizin mənəvi vicdan borcu, Vətən qarşısında müqəddəs andıdır. Qoy ana dilimizin ecazkar füsunkarlığı, bədii zənginliyi və əzəmətli sədası müstəqil Azərbaycanın səmasında hər zaman uca səslənsin, milli kimliyimizin əbədi məşəli kimi gələcək sabahlara işıq saçsın!
İlqar Kərimov
YAP Tovuz rayon təşkilatının sədr müavini









