
Diyarbəkirə ayaq basanda Türkiyənin bu qədim diyarında bizi müasirliklə tarixin vəhdəti qarşıladı. Əslində bu şəhər haqqında tarix kitablarında çox oxumuş, son olaraq da PKK terrorçularının Türkiyəyə qarşı separat-terror fəaliyyətlərində əsas hədəflərdən biri olan bölgə olaraq tanımışdıq.
2015-2016-cı illəri əhatə edən Türkiyə təhlükəsizlik orqanlarının “Xəndək əməliyyatı” təkcə qardaş ölkənin bütövlüyü, suverenliyi uğrunda mübarizə olmaqla yanaşı, həm də müxtəlif mədəniyyətləri özündə birləşdirən Diyarbəkirin xilası idi. Axı şəhərin, ümumiyyətlə bu bölgənin kürd əsilli Türkiyə vətəndaşları terrorçuları dəstəkləmirlər və onlar daim kürd-türk qardaşlığının tarixinə istinad edir, vətənləri olan Türkiyə uğrunda əsrlər öncəsindən günümüzə qədər mübarizə aparıblar. Terror həm də Diyarbəkir sakinlərinin bəlası idi.