Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu yekunlaşıb.
Elm və Təhsil Nazirliyindən Rezonans.az-a bildirilib ki, müsabiqəyə ümumilikdə 112 layihə təklifi daxil olub. Hazırda layihələrin ekspertiza və qiymətləndirilməsi prosesi həyata keçirilir.
Qrant müsabiqəsinin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin internet resursları vasitəsilə yayımlanacaq.
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub.