Sentyabrın 26-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 1 - Oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, I və II Qarabağ müharibəsində şəhid olmuş prokurorluq işçilərinin ailələri ilə görüş keçirilib.
Rezonans.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Baş prokuror Ümummilli liderimiz Heydər Əliyevin müdrik və zamanı önləyən siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Vətən müharibəsinin fatehi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən ermənilərin 30 ildən artıq işğal altında saxladığı torpaqların əbədi azadlığına qovuşmasını, həmçinin keçirilmiş qısamüddətli lokal antiterror tədbirləri ilə separatçı qüvvələrin yerləşdiyi ərazilərimizdə vətəndaşlarımızın təhlükəsizliyi və suverenleyimizin tam bərpa edilməsi hadisəsinin Ölkəmizin son 200 illik tarixinə qızıl hərəflərlə yazıldığını bildirib, həmçinin Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində Qarabağda və digər ərazilərdə aparılan bərpa və quruculuq işlərinin göz qabağında olması xüsusi vurğulanmaqla, ölkənin ali rəhbərliyi şəhid ailələri, qazilər və müharibə veteranlarının xüsusi diqqətdə saxlanılmasının bütün cəmiyyətimiz üçün nümunə olduğunu qeyd edib.
İştirakçılar şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minətdarlıqlarını bildirərək dövlət tərəfindən onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb, həmçinin göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər.
Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da daim işlər görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara, həmçinin prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.